Orxan Nizami oğlu Həsənli, 20 dekabr 1992-ci ildə Bakı şəhərində doğulmuşdur. 1999-cu ildə Bakı şəhəri Nizami rayonu Ə.Mahmudov adına 220 saylı məktəb-liseyinin birinci sinfinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Aviasiya sahəsinə maraq göstərən Orxan elə həmin ildə keçirilən ali məktəblərə qəbul imtahanından topladığı 556 bal ilə Milli Aviasiya Akademiyasının “Nəqliyyat Texnologiyaları” fakültəsinə daxil olmuşdur. Təhsillə yanaşı ictimai işlərə də maraq göstərən Orxan oxuduğu akademiyanın “Tələbə və Gənclər Təşkilatı”nda, eləcə də, Yeni Azərbaycan Partiyasının “Gənclər Birliyi”ndə könüllü fəaliyyət göstərmişdir. MAA-nı müvəffəqiyyətlə bitirdikdən sonra Naxçıvan M.R-na hərbi xidmətə yola düşmüşdür. Hərbi borcunu layiqincə yerinə yetirən Orxan 2015-ci ilin yayında xidmət müddəti bitdiyi üçün ordudan təxris olunaraq Bakıya geri dönmüşdür. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirmək qərarına gələrək yenidən Milli Aviasiya Akademiyasının “Nəqliyyat logistikası” ixtisaslaşması üzrə magistratura pilləsinə daxil olmuş və fərqlənmə diplomu ilə bitirmişdir. Magistratura təhsili müddətində nəzəri biliklər ilə yanaşı təcrübi bilik və bacarıqlara da yiyələnmək üçün “Baku Cargo Terminal”da dörd aylıq “Process Planner” vəzifəsində könüllü olaraq çalışmışdır. Hazırda ABC-Telecom şirkətində “Hava nəqliyyatında gömrük işləri üzrə koordinator” vəzifəsində çalışır. Həmçinin, Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı kafedrasında müəllim olaraq fəaliyyət göstərir.