Mən məktəbə getmək istəmirəm!

Yəqin ki, razılaşarsınız, illərdir ki, məktəblilərin əksəriyyəti məktəbə getmək istəmir, valideynlər isə onları məcburi də olsa məktəbə yola salırlar. Məsələyə valideyn mövqeyindən baxdıqda, bəli, övladlarımız təhsil almalı, savadlı olmalıdır. Lakin gəlin bir də övladlarımızın mövqeyindən baxaq. Uşaqlarımız bağçaya həvəslə gedər, amma, məktəbə getmək zamanı gələndə istəməzlər. Hətta, vəziyyət o qədər acınacaqlı olar ki, bəzən məktəbə nifrət belə edərlər. “Uşaqdır da, uşaqların hamısı elə olur”, deyə bir fikirlə valideynlər uşaqların bu “üsyanını” gözardı edərlər. Bax, elə məsələ də burdan başlayır. Valideynlər azyaşlı övladlarını bir fərd olaraq görməzlər, onların düşüncələrinə, fikirlərinə hörmət bəsləməz, diqqət etməz, axı onlar “uşaqdır”! Bəli, uşaqlar da insandır, onların da öz fikirləri, öz duyğuları və öz azadlıqları var. Uşaqlar dünyanın ən saf varlıqlarıdır və onların niyyətləri hər zaman təmizdir. Onlar oynamaq, əylənmək, gülmək, rəqs etmək istəyir. Onlar sərbəst olmaq, dünyanı kəşf etmək, bəzi şeyləri qırmaq, cırmaq, dağıtmaq istərlər. Uşaqlıqdan sərbəst oyun oynayıb, rahat əylənən bir uşağı necə sərt intizam qaydaları ilə məhdudlaşdırmaq istəyirsiniz ki? Enerji dolu uşaqları “söndürmək” üçün necə inadla çalışarsınız ki? Məktəblərdə SOVET-dən qalma müəllim şagird metodu ilə nə öyrədə, nə tərbiyə edə bilərsiniz ki? Müəllimlər şagirdləri ilə dost kimi olmalıdır, onların dərdlərini dinləməlidir, təsəlli etməyi bacarmalıdır, uğura səsləməlidir. Ən əsası, uşaqlara ÖYRƏNMƏYİ ÖYRƏTMƏLİDİR. “Düz otur!”, “Danışma!”, “Əlini masada birləşdir!” deməklə robotmu, yoxsa şəxsiyyətmi hazırlayırsınız?! Bir neçə aydır pandemiya səbəbindən enerji dolu həyatımızı məhdudlaşdırıb dörd divara sığdıranda hər kəs etiraz etdi, cərimələrə, tənbehlərə rəğmən küçələrdən, sərbəst yaşamından çoxları vaz keçmədi və üstəlik, bunları edənlər yetkin insanlardı, doğru düşüncəyə malik şəxslərdi, müəyyən peşə sahibləri və s. idi. Bu yaşda məhdudiyyətlərə biz belə dözmürük, karantindən bezirik, əsəbləşirik, sıxılırıqsa, mövcud təhsil sistemi, mövcud müəllim-şagird münasibətləri, mövcud uşaq psixologiyasından uzaq valideynlər olan məktəbdən şagirdlər necə bezməsin? İbtidai siniflərdə şagirdlərə elm yox, həyatı öyrətmək gərəkdir. Şəxsiyyətlərini formalaşdırmağı, insanlarla münasibəti, etikanı, mədəniyyəti və doğma dili öyrətməlidirlər. Uşaqlarla musiqi dərslərində qəliz notalar yox, bəstəkarların həyatı yox, gözəl nəğmələr oxunmalı, rəqs edilməlidir. Dərslərə əyləncələr qatmaq gərəkdir, uşaqlar məktəbdə məhbusluğu yox, yaradıcılığı öyrənməlidir. Şagird müəllimini sevməlidir, ondan qorxmalı deyil. Yadımdadır, mən ibtidai sinifdə oxuyanda paralel sinifin müəllimi vardı, şagirləri çubuqla döyürdü, əllərinə vururdu və bunu görən mən mənə dərs deməsə belə o müəllimdən qorxurdum. O müəllim körpə beyninə sevgini, insanlığı yox, şiddəti, vəhşiliyi yazırdı davranışları ilə. Gəlin qəbul edək, edək ki, insan sevildiyi, hörmət duyğu, sərbəst olduğu yerdən bezməz. İstər uşaq, istər yaşlı, hamımız insanıq. Körpələrin də öz şəxsiyyətləri var, onlara hörmətlə yanaşaq, illərdir ki, “böyük sözü” dinləmişik, gəlin daha körpələrin sözünü dinləyək, onların səsinə səs verək. Böyüklərin niyyətləri kirlənənmiş ola bilər, amma, körpələr saf və məsumdurlar. Onlardan pislik gəlməz. Övladlarımıza savad verək adı ilə, onları məhv etməyək. Onlara ÖYRƏNMƏYİ öyrədək, SEVMƏYİ öyrədək, YARDIM ETMƏYİ, ƏL TUTMAĞI öyrədək. Onlara göz ağartmayaq, əksinə, onların gözülə baxaq həyata. “Sən uşaqsan, sakit dur!” deməyək, onların səsinə səs verək. “Ağlama!” deyə bağırmayaq, ağlamamaları üçün çalışaq. Yaxın günlərdə yeni təhsil ili başlayır, gəlin onların “məktəb” fobiyasını yox etməyə çalışaq. Gəlin, heç olmasa bir dəfə, bircə dəfə cəhd edək!