Cavabsız suallar…


Bəzən düşünürəm görəsən həyat
Xoş bəxti, bəd bəxti necə bölüşür?
Hansı meyar ilə seçim eyləyir?
Xoşbəxtlik, bədbəxtlik kimlərə düşür?
***
Mən neyçin doğuldum əlli-ayaqlı?
Doğuşdan şikəstin günahı varmı?
Gözlərin dünyaya kor açanların
Zülmət qaranlıqda sabahı varmı?
***
O da saf körpəydi, mən də saf körpə
Bilmirəm, görəsən fərqimiz nədir?
O qara dərili, mən bəyaz insan
Nə fərqi dinimiz, irqimiz nədir?
***
Nə üçün kasıba kasıblıq düşür?
Varlılar bəs niyə varlı doğulur?
Biri həyatını şən yaşayarkən
Biri qəm-kədərdə batır, boğulur
***
Hanı bərabərlik? Hanı ədalət?
Hardadır, görmürəm, bəlkə, yox olub?
Nə vaxtsa görmüsüz zəhmətkeşlərin
Canı sağlam olub, qarnı tox olub?
***
Gəl, Orxan, bu qədər sual eyləmə
Sənin suallarının cavabı yoxdur
Həyatdan gileyli şeir söyləmə
Bu haqqda yazılan şeirlər çoxdu

ZƏNGİLAN

Baba yurdum, doğma diyar, Zəngilanım
Həsrətinlə keçdi mənim hər bir anım
Ümidlərim saralırdı zaman-zaman
Xəyallarımı bürüyürdü qara duman
Lakin bugün, şad xəbərin yayılanda
Azadlığını eşidəndə, duyanda
Ağlıma ilk gəldi babayla nənə
İllərlə qaldılar həsrət vətənə
Kaş ki, onlar uzun ömür sürərdi
Azadlığını eşidərdi, görərdi
Kim bilir, bəlkə də, ruhları çoxdan
Yaşayır doğmaca kənddə o vaxtdan
Görəsən ordamı köhnə evimiz?
Qədim torpaqlarda ayaq izimiz
Görəsən silinib yoxsa, qalıbmı?
Görəsən bizləri yada salıbmı
O çinar meşəsi, o qotur gölü
Səfalı dağları, çəməni, çölü
Gerçək sahibinə qovuşdu artıq
Halbu ki, bir vaxtlar xəyal qurardıq
Bu bir həqiqətdir, deyildir yalan
Biz gəldik, gözünü sil, ey Zəngilan!

Böyük Vətən müharibəsi

İllərdir gözlədim bu gözəl anı
Hazıram geyinim hərbi formanı
Qoşulum ordunun sıralarına
Sığınıb anamın dualarına
Vətənim uğrunda savaşım mən də
Qalmasın bir qarış torpaq düşməndə
Ölümmü? Qorxulu gəlməyir mənə
Ölsəm şəhid kimi yaşaram yenə
Yetər ki, bitsin bu torpaq həsrəti
Susdura bilmirəm qatı nifrəti
Düşmənə zərbələr vuraq durmadan
İntiqam almadan, hesab sormadan
Rahatlıq tapmıram, qarışır yuxum
İllərdi qisasla bəslənir ruhum
Nə zaman diz çöksə rəsmi İrəvan
Şad olar şəhidlər ancaq o zaman
Ah, bu arzularla, bu niyət ilə
Barışa bilməyib bu vəziyyət ilə
Orduya könüllü qoşuluram mən
Canım da qurbandır, sənə ey Vətən!

Xatirələr

Kaşki xatirələr heç olmayaydı
Hər nə yaşanılsa unudulaydı
Çün bugün nə qədər gözəl olsa da
Sirin anılarla dolub-daşsa da
Sabah xatırlayanda acı verəcək
Ağrısı qəlbimdə his ediləcək
Sevmirəm bu üzdən xatirələri
Yadıma salanda ötən illəri
Ox batar sinəmə düz ürəyimdən
Bixəbər yaşanan gələcəyimdən
Nə ləzzət alaram, nə dad alaram
Qul kimi keçmişdən asılı qalıram.
Onunçün olmasın qoy xatirələr
Yada da düşməsin o keçən illər.

Mən məktəbə getmək istəmirəm!

Yəqin ki, razılaşarsınız, illərdir ki, məktəblilərin əksəriyyəti məktəbə getmək istəmir, valideynlər isə onları məcburi də olsa məktəbə yola salırlar. Məsələyə valideyn mövqeyindən baxdıqda, bəli, övladlarımız təhsil almalı, savadlı olmalıdır. Lakin gəlin bir də övladlarımızın mövqeyindən baxaq. Uşaqlarımız bağçaya həvəslə gedər, amma, məktəbə getmək zamanı gələndə istəməzlər. Hətta, vəziyyət o qədər acınacaqlı olar ki, bəzən məktəbə nifrət belə edərlər. “Uşaqdır da, uşaqların hamısı elə olur”, deyə bir fikirlə valideynlər uşaqların bu “üsyanını” gözardı edərlər. Bax, elə məsələ də burdan başlayır. Valideynlər azyaşlı övladlarını bir fərd olaraq görməzlər, onların düşüncələrinə, fikirlərinə hörmət bəsləməz, diqqət etməz, axı onlar “uşaqdır”! Bəli, uşaqlar da insandır, onların da öz fikirləri, öz duyğuları və öz azadlıqları var. Uşaqlar dünyanın ən saf varlıqlarıdır və onların niyyətləri hər zaman təmizdir. Onlar oynamaq, əylənmək, gülmək, rəqs etmək istəyir. Onlar sərbəst olmaq, dünyanı kəşf etmək, bəzi şeyləri qırmaq, cırmaq, dağıtmaq istərlər. Uşaqlıqdan sərbəst oyun oynayıb, rahat əylənən bir uşağı necə sərt intizam qaydaları ilə məhdudlaşdırmaq istəyirsiniz ki? Enerji dolu uşaqları “söndürmək” üçün necə inadla çalışarsınız ki? Məktəblərdə SOVET-dən qalma müəllim şagird metodu ilə nə öyrədə, nə tərbiyə edə bilərsiniz ki? Müəllimlər şagirdləri ilə dost kimi olmalıdır, onların dərdlərini dinləməlidir, təsəlli etməyi bacarmalıdır, uğura səsləməlidir. Ən əsası, uşaqlara ÖYRƏNMƏYİ ÖYRƏTMƏLİDİR. “Düz otur!”, “Danışma!”, “Əlini masada birləşdir!” deməklə robotmu, yoxsa şəxsiyyətmi hazırlayırsınız?! Bir neçə aydır pandemiya səbəbindən enerji dolu həyatımızı məhdudlaşdırıb dörd divara sığdıranda hər kəs etiraz etdi, cərimələrə, tənbehlərə rəğmən küçələrdən, sərbəst yaşamından çoxları vaz keçmədi və üstəlik, bunları edənlər yetkin insanlardı, doğru düşüncəyə malik şəxslərdi, müəyyən peşə sahibləri və s. idi. Bu yaşda məhdudiyyətlərə biz belə dözmürük, karantindən bezirik, əsəbləşirik, sıxılırıqsa, mövcud təhsil sistemi, mövcud müəllim-şagird münasibətləri, mövcud uşaq psixologiyasından uzaq valideynlər olan məktəbdən şagirdlər necə bezməsin? İbtidai siniflərdə şagirdlərə elm yox, həyatı öyrətmək gərəkdir. Şəxsiyyətlərini formalaşdırmağı, insanlarla münasibəti, etikanı, mədəniyyəti və doğma dili öyrətməlidirlər. Uşaqlarla musiqi dərslərində qəliz notalar yox, bəstəkarların həyatı yox, gözəl nəğmələr oxunmalı, rəqs edilməlidir. Dərslərə əyləncələr qatmaq gərəkdir, uşaqlar məktəbdə məhbusluğu yox, yaradıcılığı öyrənməlidir. Şagird müəllimini sevməlidir, ondan qorxmalı deyil. Yadımdadır, mən ibtidai sinifdə oxuyanda paralel sinifin müəllimi vardı, şagirləri çubuqla döyürdü, əllərinə vururdu və bunu görən mən mənə dərs deməsə belə o müəllimdən qorxurdum. O müəllim körpə beyninə sevgini, insanlığı yox, şiddəti, vəhşiliyi yazırdı davranışları ilə. Gəlin qəbul edək, edək ki, insan sevildiyi, hörmət duyğu, sərbəst olduğu yerdən bezməz. İstər uşaq, istər yaşlı, hamımız insanıq. Körpələrin də öz şəxsiyyətləri var, onlara hörmətlə yanaşaq, illərdir ki, “böyük sözü” dinləmişik, gəlin daha körpələrin sözünü dinləyək, onların səsinə səs verək. Böyüklərin niyyətləri kirlənənmiş ola bilər, amma, körpələr saf və məsumdurlar. Onlardan pislik gəlməz. Övladlarımıza savad verək adı ilə, onları məhv etməyək. Onlara ÖYRƏNMƏYİ öyrədək, SEVMƏYİ öyrədək, YARDIM ETMƏYİ, ƏL TUTMAĞI öyrədək. Onlara göz ağartmayaq, əksinə, onların gözülə baxaq həyata. “Sən uşaqsan, sakit dur!” deməyək, onların səsinə səs verək. “Ağlama!” deyə bağırmayaq, ağlamamaları üçün çalışaq. Yaxın günlərdə yeni təhsil ili başlayır, gəlin onların “məktəb” fobiyasını yox etməyə çalışaq. Gəlin, heç olmasa bir dəfə, bircə dəfə cəhd edək!

MƏNFƏƏT

Həyatımdan illər çox sürətlə keçdi, hiss etmədim. Güzgü də əks etdirmirdi ötən illərimi. Yalnız keçmiş günlərdən qalan rəsmlərə baxdığımda anlayırdım geridə böyük bir zamanın olduğunu. Hər ötən il bir iz qoyub getdi məndə. Ağarmış saçlarım, qırışmış dərim, titrəyən əllərim, taqətsiz dizlərim, dişsiz qalan boş ağzım, bükülmüş qamətim, zəif görən gözlərim… Zaman məndən gör nələri oğurlayıb apardı. Bəlkə də mən pay verdim zamana, qarşılığında nələrisə almaq üçün. Xatırlaya bilmirəm, ahh, yaddaşım da zəifləyib, amma, bildiyim bir şey var ki, bu qədər vaxt ərzində nələr etmişsə insan hər zaman bir şeylər istəmiş qarşılığında, məqsəd güdmüş hər zaman. Böynuma alıram ki, elə mən də. Yemək yedik, yaşamaqçün, işlədik, çalışdıq rahat həyatçün, geyindik soyuqdan qorunmaq, gözəl görünməkçün, gözəl görsəndik bəyənilməkçün, qarşımızdakılara xoş təsurat bağışlamaqçün, xoş təsurat bağışladıq birilərini qazanmaqçün, qazandıq birgə yaşamaqçün, yaşadıq xoşbəxt olmaqçün və beləcə baxdıq ki, ömür sona çatdı. Bəlkə də deyəcəksiniz ki, mənfəət güdmədən də çox şeylər etmisiniz. Ac insanlara doyurmuşam, kasıblara əl tutmuşam, çox insana yaxşılıqlar etmişəm. Amma niyə? Nəyə görə? Allah sizdən razı olsun deyə! Cənnətə düşəsiniz deyə! Bəli! İnsan belə varlıqdır. Allah insanlara cənnəti vəd etdi deyə insanlar həyatları boyu ona ibadət edər. Ax keçən illərim…
Mən insan həyatını bir sözlə ifadə edə bilərəm: “Mənfəət”.

Təki vətən, vətən sağ olsun!

Ah yenə də, olan oldu,
qalan qaldı, ölən öldü
Neçə igid canın verdi,
bu torpaqlar uğruna,
Anaları gözü yaşlı
həsrət qaldı oğluna.
Susdu ata, danışmadı
ağzını bıçaq kəsmədi
Yandı, yandı alışmadı,
taleyindən də küsmədi
Elə məğrur dayandı ki,
düşmən qorxar onu görsə
Ancaq o vaxt rahatlar ki,,
canlar alan düşmən ölsə…
“Oğlum, oğlum!” dedi, durdu
şəhid anası nalə çəkdi
İllərdi ki xəyal qurdu
oğluna toy edəcəkdi
Bir güllə gör nələr aldı
bir ömürə son vermədi tək
Ata ürəyinə yara saldı,
ana saçını yoldu tək-tək
Söndü getdi evin ocağı
kül olub sovruldu göyə
Tanrı bir də bucür dağı
çəkdirməsin bir özgəyə
Şəhidin var, vətən, yenə
başın sağolsun bir daha
Vətən, sənə göz dikənə
Andım olsun ki Allaha
Bu dünyanı dar edərəm
Canımdan da vaz keçərəm
Əbədi yaşa yetər ki sən
Sən hər şeydən dəyərlisən
Dəyərlisən, sən ey vətən
Bayraq olsun mənə kəfən
Mən ölsəm də eybi yoxdur
Mənim kimi oğlun çoxdur
Al, canım da qurban olsun
Təki vətən, vətən sağ olsun!

Yağış

Bir yay günü, səhər hardasa 7 və ya 8 olardı. Yuxudan küləyin vahiməli səsinə oyanışdım. Elə təzəcə yerimdən qalxıb pəncərədən boylanırdım ki, birdən üşütmə düşdü canıma. Buludlar bir-birləri ilə toqquşaraq “bummmm”, belə bir səslər çıxarırdı. Yağış damlaları isə sanki bir-birləri ilə yarışırdılar-hansı yerə daha tez çatacaq deyə. İlk cümləyə birdə baxdınız bəlkə də, hətta bəziləriniz düşündünüz ki, səhv yazıb ola bilsin. Amma yox, yay səhəri idi. Lakin yaydan bir əsər əlamət yox idi. Əynimə qalın bir şey tapmaqçün öz səliqəsiz dolabımın qapısını açdım. Hər zamanki kimi paltarların üstümə gəlməsini ehtiyyata alıb əlimi dolabın önünə tutdum. Amma bu dəfə heçnə düşmədi. Bir anlıq çaşdım, səhər yuxulu bir beyinlə hətta paltarlarımın oğurlandığını da düşündüm. Amma belə deyildi, qapını açdığımda hər şey səliqəli bir şəkildə düzülmüşdü. Bu yay səhəri hər şey əksinə dönürdü. Çaşqın halda əynimi geyinib evdən çıxdım. Ağaclara nəzər gəzdirdim. Yarpaqlardan süzülən damlalar diqqətimi çəkdi. Küləyin yaratdığı toz-tozanağı yarpağın üstünü tutmuşdusa, yağan yağış yarpağın üzərini təmizləyirdi. Kaşki belə bir yağış olaydı, ətrafımızın yaratdığı “toz-yozanaqdan” bizləri təmizə çıxaraydı. Yalanlar altında qalmış həqiqətləri üzə çıxaraydı. Eh, nə isə, yenə bu “kaşki” lər. Fikrimi yarpaqlardan alıb yenə ətrafa nəzər saldım, adətim üzrə deyinməyə başladım: – “Ehh bu nə yaydı? Belə yağış olmaz axı, bezdim!” Elə deyinə-deyinə gəzəndə ayağım daşa ilişərək yıxıldım yerə. İslanmış torpağa bulaşdı deyə əlimi göylərə açdım ki, yağış əllərimdəki palçıqları yusun. Nə qəribədir, bir neçə saniyə öncə yağışdan gileylənirdim, indi isə əllərimi təmizə çıxarsın deyə yağışa əl açıram. O zaman anladım ki, demək hər bir şey kiməsə və nəyəsə lazımdı. Mənə, sənə, sizə lazım olmaya bilər, amma kiməsə mütləq lazımdır. Bəlkədə yağış istidən ürəyi sıxılan qoca insanlara bir sərinlik gətirəcək, bəlkə də yeni nəfəs verəcək. Bu düşüncələr beynimdə dolanmağa başladı. Oyandığım heç 20 dəqiqə deyildi ki, artıq gün məni yormuşdu. Onunçün də yenidən yerimə uzanıb yağışın səsini dinləyərək yuxuya getdim. Dolabımın səliqəsininin səbəbini isə heç araşdırmadım da. O gün qəribə bir yay səhəri, mənim növbəti yazım üçün bir mövzu oldu.

Qucaqla! Sev! Oxşa! Öp! Dost ol! Dinlə! İnan!

Biz sevgiyə həsrət qalmış bir cəmiyyətdə böyümüşük. Və hələdə həsrətində olduğumuz o sevgini, qayğını, nəvazişi gözləyirik. Uşaq vaxtı danlanmaq, valideynlərdən çəkinmək tərbiyəmizin əsasını təşkil edib. Doqquz ay bəsləndiyimiz ana bətnindən ayrılıb dünyaya gəlişimizdə ağlamağımız, ətraf mühitdən qorxmağımız təbiidir. O anlar bizim sevgiyə, anamızın bizə sarılmağına ən çox ehtiyac duyduğumuz anlar olsa da, “qucağına alma, sonra vərdiş edəcək” kimi tərbiyə metodu ilə biz sevgiyə, qayğıya həsrət qaldıq. Əslində biz qorxurduq, öz ürəyimizlə eyni ritmlə döyünən bir ürəyin səsini eşidə bilmirdik deyə ağlayırdıq. Necə içdən ağlayırdıq, ürəyimiz necə həyacanlanırdı, ah bir bilsəydilər… Zaman-zaman bu sevgisizliyə alışaraq böyüdük, yenə soyuqqanlılıq, “ayıbdır” milli yanaşması ilə bizi əzizləyib, başımıza sığal çəkmədilər. Hətta başqaları ilə bizdən danışarkən “siz də məni bağışlayın” girişilə sözə başladılar. Özümüzü ayıb bir məxluq kimi hiss edə-edə biraz da böyüdük. Valideynlərimizdən o sevgini, qayğını qazanmaq üçün çalışdıq, vuruşduq, dərslərimizi yaxşı çalışdıq, amma, yenə də qazana bilmədik ki, bilmədik, Başqaları bizi tərif etdi, gözlərimizi valideynlərimizə dikdik ki onlar da söyləsin…….
Gözlədik, gözlədik, sonunda biz sevgi göstərməyə başladıq, amma bunu necə edəcəyimizi bilmirdik, boynunamı sarılaq, yanağındanmı öpək?! Biz sarıldıq, biz öpdük, amma, soyuqqanlı bir valideyn sevgisini aldıq. Sən demə bütün bunlar bizim tərbiyəmiz üçünmüş… İndi bu cəmiyyətdən başqa nə gözləyək ki, hər kəs bir-birinə acıqlı, hər kəs qaşqabaqlı. Mənsə bu mentalitetdən ayrılmaq istəyirəm, sizə də məsləhət görürəm.
Qucaqla! Sev! Oxşa! Öp! Dost ol! Dinlə! İnan!